OMBUDSMAN APARATININ ƏMƏKDAŞI BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞDİR
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı və Padua Universiteti tərəfindən İtaliyanın Padua şəhərində “Qeyri-nizami miqrantların insan hüquqlarının müdafiəsi: milli insan hüquqları təsisatlarının rolu” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbir Avropa Birliyi və Avropa Şurasının “İnsan hüquqlarının müdafiəsi üzrə müstəqil, qeyri-məhkəmə təsisatlarının fəal şəbəkəsinin yaradılması” üzrə birgə layihəsi çərçivəsində təşkil edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Rəvan Səmədov seminarda iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, 20-yə yaxın ölkədən 30-dan çox nümayəndənin qatıldığı seminarda “qeyri-qanuni miqrant” anlayışı, Avropada qeyri-qanuni miqrasiyanın vəziyyəti, bu kateqoriyadan olan miqrantlar barəsində tətbiq olunan beynəlxalq-hüquqi standartlar, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin miqrantlara dair işlər üzrə təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
R.Səmədov “Azərbaycanda miqrasiya məsələləri və miqrantların hüquqlarının müdafiəsində ombudsmanın rolu” mövzusunda çıxış edərək ölkəmizdə mövcud olan miqrasiya axınlarının növləri, onların formaları, səbəbləri barədə geniş məlumat vermişdir.