OMBUDSMAN İCTİMAİ DİNLƏMƏLƏRİ YEVLAXDA DAVAM ETDİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Yevlaxda ictimai dinləmə keçirilmişdir.
Ombudsman Elmira Süleymanova insan hüquq və azadlıqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Müvəkkil insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlardan, MFP-nin təsdiqindən ötən müddətdə görülən işlərdən danışmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev MFP üzrə rayonda müvafiq tədbirlərin həyata keçirildiyini söyləmişdir.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin Yevlax rayonunda icrası barədə ətraflı məlumat vermişlər.
Tədbirdə müzakirə olunan məsələ ilə bağlı mövcud problemlər diqqətə çatdırılmışdır.
İctimai dinləmədə şəhər icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, hüquq mühafizə orqanlarının, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatları və KİV-lərin, habelə qaçqın, məcburi köçkün və digər icmaların nümayəndələri iştirak etmişlər.