Ombudsmanların III Şərq Tərəfdaşlığı Sammitində azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb
Bakı, 18 mart, AZƏRTAC
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamenti və Polşa Ombudsman təsisatının birgə təşkilatçılığı ilə Ombudsmanların III Şərq Tərəfdaşlığı Sammiti keçirilib.
Sammitdə Avropa Parlamentinin, Avropa Komissiyasının və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin nümayəndələri, Şərq Tərəfdaşlığı və Balkan ölkələrinin ombudsmanları və ombudsman təsisatlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirdə Azərbaycanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı təmsil edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, gündəliyə əsasən birinci paneldə “Miqrasiya və insan hüquqları sahəsində çətinliklər”, ikinci paneldə “Avropa İttifaqının İnsan Hüquqları və Demokratiya üzrə Fəaliyyət Planında Milli İnsan Hüquqları İnstitutları”, üçüncü paneldə “Miqrantların və məcburi köçkünlərin hüquqlarının qorunması” mövzuları üzrə müzakirələr keçirilib. Aydın Səfixanlı hər üç paneldə məruzə ilə çıxış edib. O, qaçqın və məcburi köçkün probleminin Azərbaycan üçün prioritet məsələ olduğunu, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlının son nəfərədək öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdiyini bildirib. Həmçinin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğal olunduğunu, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 minədək azərbaycanlının öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkünə çevrildiyini, eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 minədək axıska türkünün də Azərbaycanda sığınacaq tapdığını diqqətə çatdırıb. Aparat rəhbəri Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərdən də söhbət açıb. O, həmçinin Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilməkdə olan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəalarından danışıb.
A.Səfixanlı Avropa Parlamenti tərəfindən 2010-cu ildə qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiyasına ehtiyac” adlı qətnaməsində də yüz minlərlə qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq hüququnun reallaşmasına imkan verilməməsindən narahatlığın ifadə olunduğunu və bu hüququn beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə tez bir zamanda yerinə yetirilməsinin vacibliyini bir daha xatırladıb. O, Avropa İttifaqını azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv fəaliyyət göstərməyə çağırıb, bu problemin yeganə və kompleks surətdə həlli üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmalarının vacibliyini bildirib.
Çıxışlarda, həmçinin miqrasiya sahəsində bir sıra zəruri normativ hüquqi aktların qəbul olunduğu, institusional və təşkilati tədbirlərin həyata keçirildiyi, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resurslarının formalaşdırıldığı və digər islahatların həyata keçirildiyi diqqətə çatdırılıb.