OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINA
Hörmətli Konfrans iştirakçıları!
Azərbaycanda İnsan hüquqları gününə həsr edilmiş “Qloballaşan dünyada insan hüquqları” mövzusunda Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının keçirilməsi münasibəti ilə Sizi təbrik edirəm, konfransın işinə müvəffəqiyyətlər arzulayıram.
Bu gün dünyamız sürətli dəyişikliklər dövrü yaşayır. Dəyişikliklər həm mədəniyyətdə, həm həyat tərzində və həm də sosial davranışda özünü büruzə verir. Bu isə öz növbəsində cəmiyyətdə mövcud olan hüquq sisteminə və mədəniyyətinə təsir göstərir, hüquq institutlarının təkmilləşməsinə və yenilərinin formalaşdırılmasına təkan verir, bütövlükdə cəmiyyətin inkişafını sürətləndirir.
Minilliyin məqsədlərinə uyğun olaraq insan hüquqlarının müdafiəsi, sosial-iqtisadi problemlərin həlli, qanunun aliliyinin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi demokratik, hüquqi dövlətin başlıca vəzifələridir.
Müasir dünyada özünəməxsus yer tutan, demokratik bəşəri dəyərləri bölüşən və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan dövləti insanların rifah səviyyəsinin, onların cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Hələ 10 il öncə ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.
Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara cavab olaraq insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulması, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasını ehtiva edən yeni Milli Fəaliyyət Planı 2006-cı ildə qəbul olunmuş və uğurla həyata keçirilir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün mənfi təsirlərinə baxmayaraq ölkəmiz regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq demokratik islahatları davam etdirir. Bununla yanaşı, Azərbaycan dövləti soyqırım və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, işğal olunmuş torpaqların azad edilməsi üçün sarsılmaz iradəsini və gücünü nümayiş etdirəcəkdir. Ümidvaram ki, ombudsmanlar və beynəlxalq təşkilatların nümayəndələri bu məsələlərə xüsusi diqqət yetirəcəklər və biz birlikdə insanların pozulmuş hüquqlarının bərpasına nail olacağıq.
Azərbaycan insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq sistemin fəal üzvüdür və demokratiya sahəsində etibarlı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Əminəm ki, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransı insan hüquqlarının səmərəli təmin olunmasına öz töhfəsini verəcək, bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2008-ci il.