On ölkənin gömrük orqanlarının nümayəndələri Bakıda bir araya gəlib





Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı şəhərində 10 ölkənin gömrük orqanlarının nümayəndələrinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan “Qlobal Konteynerlərə Nəzarət Proqramı” çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) dəstəyi ilə təşkil edilib.
Seminarda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın gömrük xidmətləri, BMT və ÜGT-nin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə Azərbaycanda görülən işlərdən danışıb. Qeyd olunub ki, DGK-nin fəaliyyət proqramında nəzərdə tutulan əsas prinsiplərdən biri də şəffaflığın təmin olunmasıdır və ölkəmizin gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlılığının təmin olunması istiqamətində bütün zəruri addımları atırlar.
Seminarda çıxış edən BMT və ÜGT təmsilçiləri tədbirin korrupsiyaya qarşı mübarizə istiqamətində müasir və qabaqcıl təcrübələrin paylaşılması, potensialın və məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbir çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, ÜGT və “Qlobal Konteynerlərə Nəzarət Proqramı”nın mütəxəssisləri tərəfindən hüquq-mühafizə və digər dövlət orqanları sistemində tətbiq edilən strateji mexanizmlər, ÜGT-nin strateji sənədləri və onların həyata keçirilməsi, qabaqcıl təcrübələr barədə təqdimatlar nümayiş etdirilib, qrup tapşırıqları icra olunub və müzakirələr aparılıb.