Ordubad və Culfa rayon gəncləri Zəngəzur Milli Parkına ekskursiya ediblər
Ordubad, 4 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında hazırlanmış Tədbirlər Planının müvafiq bəndinə əsasən, Ordubad və Culfa rayon gənclərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına maarifləndirici ekskursiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək, iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat veriblər.
Sonra çıxış edən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının turizm üzrə direktor müavini Davud Abdullayev bildirib ki, Milli Park 2003-cü il iyunun 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılıb. Parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Əsasən, ərazidə boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılıb. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir ki, bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur ki, bu bitkilərdən bir çoxunun adı “Qırmızı kitab”a daxil edilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyasının müvafiq rayon təşkilatlarının Gənclər birlikləri tərəfindən təşkil edilən ekskursiyada 30-a yaxın gənc parkın ərazisində yerləşən fauna və flora muzeyi ilə tanış olublar.