REGİONLAR
Ordubadda şəhidlərin ailə üzvləri müayinələrə cəlb olunublar
Ordubad, 18 oktyabr, AZƏRTAC
Muxtar respublikada şəhid ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şəhid ailələrinə ödənişsiz tibbi xidmət aksiyasının növbəti ünvanı Ordubad rayonu olub.
Aksiyalarda şəhidlərin ailə üzvləri heç bir ödəniş etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, terapevtik, cərrahi, uroloji, stomatoloji, endokrinoloji və digər tibbi xidmətlərdən yararlanıblar.
Altı şəhid ailəsindən olan 20 nəfərdə 72 müayinə aparılıb. Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomatoloji, nevroloji və digər müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. Bir nəfər 1-ci qrup əlil şəhid ailəsi fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün mərkəzə dəvət olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.