Orduxan Qəhrəmanzadə: D8-ə qoşulması Azərbaycanın artan beynəlxalq nüfuzunu əks etdirir
Bakı, 29 aprel, AZƏRTAC
Biz iqtisadi, sosial və siyasi əməkdaşlıq üçün güclü bir platformada birləşməyimizdən qürur duyuruq. Qlobal müsəlman əhalisinin 60 faizini təmsil edən üzv dövlətlərlə yanaşı, Azərbaycanın D8-ə qoşulması ölkəmizin artan beynəlxalq nüfuzunu və etibarlı liderliyini əks etdirir. Şərqlə Qərb arasında körpü rolunu oynayan, İslam mədəniyyəti və sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycan iqtisadi əməkdaşlığın, regional sabitliyin və İslam həmrəyliyinin təşviqinə, eləcə də bütün dünyada islamofobiya ilə mübarizəyə dəstək verməklə D8-in missiyasına əhəmiyyətli töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində keçirilən “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı panel müzakirəsində səsləndirib.
Orduxan Qəhrəmanzadə bildirib ki, Azərbaycanın D8-ə üzv olması bizim üçün tarixi bir addımdır və bu, təşkilatın yaranmasından sonra baş tutan ilk genişlənmə hadisəsidir. Bu fakt Prezident İlham Əliyevin uğurlu və ardıcıl xarici siyasətinin bariz göstəricisidir.
O qeyd edib ki, vətəndaş cəmiyyəti bu kimi platformaların fəal inkişafına töhfə verə, onları zamanla daha operativ və institusional bir formaya sala bilər.