İQTİSADİYYAT
Orta Dəhlizin inkişafı Avropa və Şərqi Asiya üçün əhəmiyyətlidir
![Orta Dəhlizin inkişafı Avropa və Şərqi Asiya üçün əhəmiyyətlidir](/files/2024/1/1200x630/1709300982920733027_1200x630.jpg)
Bakı, 1 mart, AZƏRTAC.
Ukrayna və Qəzza bölgəsində baş verən hərbi toqquşmalar, eləcə də qiyamçı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı silahlı hücumları Avropa dövlətlərini Asiya ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni marşrutlar axtarmağa vadar edib.
AZƏRTAC xəbər verir ki, yuxarıda göstərilən faktlar və qlobal siyasətdəki gərginlik yükdaşımaların qiymətini artırmaqla yanaşı Avropa qitəsində inflyasiyanın artmasına da təsir edir.
Yunanıstanın Kavala portunun direktoru Anqelos Vlaxos bildirib ki, yükdaşımalarda nəqliyyat xərci 100 faiz artıb ki, bu da Asiyadan daxil olan malların pərakəndə satış qiymətinin artmasına və Avropa ölkələrində inflyasiyanın yüksəlməsinə səbəb olub.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Dimitros Rallis nəzərə çatdırıb ki, qlobal marşrutlarda təhlükəsizlik məsələlərinin həlli üçün ayrılan xərclər artır və bu bahalaşmaya səbəb olur.
Yuxarıda deyilənlər Avropa ilə Asiyanı əlaqələndirən Transxəzər marşrutunun (Orta Dəhlizin) əhəmiyyətini artırır. Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstandan Qara dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin aşağı olması ilə yanaşı həm də təhlükəsizdir. Çindən Avropaya Cənub dəhlizi ilə daşınan yüklər Süveyş kanalından keçməklə 20 min kilometr məsafəni keçməlidir. Lakin konteyner daşıyan qatar Orta Dəhlizlə 12 gün ərzində 7 min kilometr məsafəni qət edəcək ki, bu da nəqliyyat xərclərinin az olması ilə yanaşı təhlükəsizliyin də təmin olunmasını şərtləndirəcək. Çin- Mərkəzi Asiya-Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrut ilə yüklər Qara dənizə, buradan isə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Şanxayda fəaliyyət göstərən Fudan universitetinin “Bir kəmər, bir yol və qlobal idarəetmə” institutunun baş direktoru Renvey Xuan bildirib ki, Orta Dəhlizin inkişafında həm Avropa İttifaqı, həm də Şərqi Asiya dövlətləri maraqlıdırlar.
Orta dəhlizlə yükdaşımalar artmaqda davam edir və bu artımda Bakı-Tbilisi-Qars dəmir yolu əhəmiyyətli rol oynayır. Dəmir yolu ilə Azərbaycan ərazisindən tranzit yükdaşımalar 2019-cu illə müqayisədə 2023-cü ildə 76 faiz artaraq 3,8 milyon tondan 6,7 milyon tona çatıb. Yaxın gələcəkdə bu rəqəmlərin dəfələrlə artacağını müşahidə edəcəyik. 2020-ci ilə Qarabağı azad edən Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb ki, bu da beynəlxalq xarakter daşıyan tranzit yükdaşımalar üçün çox önəmlidir. Transxəzərlə Çindən Azərbaycana daxil olan tranzit yüklər yalnız Bakı-Tbilisi Qars dəmir yolu ilə Qara dəniz limanlarına deyil, eyni zamanda Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan isə Qərbi Avropa ölkələrinə daşınacaq.