ELM VƏ TƏHSİL
ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANLARI SENTYABRIN 29-DA KEÇİRİLƏCƏK
2002\2003-cü tədris ili üçün orta təhsil bazasından (XI sinif) orta ixtisas məktəblərinə qəbul imtahanları sentyabrın 29-da Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Ağdaş şəhərlərində keçiriləcəkdir.
Abituriyentlər sentyabrın 25-dən başlayaraq, sənəd verdikləri sənəd qəbulu komissiyalarından “Abituriyent vəsiqəsi” və “İmtahana buraxılış vərəqəsi” ala bilərlər. İmtahan keçirilən bina, onun ünvanı, imtahana gəlmək vaxtı və imtahanın başlanma vaxtı buraxılış vərəqəsində göstərilmişdir. İmtahanda iştirak etmək üçün 3 sənəd tələb olunur: şəxsiyyəti təsdiq edən sənəd, abituriyent vəsiqəsi və imtahana buraxılış vərəqəsi. Göstərilən sənədlərdən hansısa biri olmadıqda, abituriyent imtahana buraxılmır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, 2002\2003-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas məktəblərinə 11169 ərizə verilmişdir ( dövlət planı 10331 yer): Azərbaycan bölməsi üzrə 10245 ərizə, rus bölməsi üzrə 924 ərizə. 1-ci ixtisas qrupuna 6073 (plan yeri-5886), 2-ci ixtisas qrupuna 4002 (plan yeri-3136), 3-cü ixtisas qrupuna isə 1094 (plan yeri- 1309) ərizə verilmişdir.
Bakı şəhərində 7977, Naxçıvanda 318, digər bölgələrdə isə 2874 abituriyent orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edəcəkdir. İmtahandan sonra bir həftə ərzində imtahan nəticələri “Abituriyent” jurnalında dərc olunacaqdır.
Qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra, orta ixtisas məkiəblərinə daxil olmuş gənclər lazımi sənədləri 5 gün müddətində yerləşdirildiyi təhsil müəssisəsinə təqdim etməklə qeydiyyat vərəqinə mütləq imza etməlidirlər. Əks halda, onlar təhsil müəssisəsinə qəbul olunmurlar. Orta ixtisas məktəblərinə qəbul olmayanlar isə özlərinin imtahan nəticələri haqqında çap edilmiş məlumatı bilavasitə sənəd verdikləri texnikumdan ala bilərlər.
TQDK-nın ictimaiyyətlə əlaqə şöbəsi