Orta məktəb müəllimləri üçün onlayn ixtisasartırma kursu təşkil olunub
Naxçıvan, 11 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində tam orta məktəblərdə Fizika, Kimya və Biologiya fənlərini tədris edən müəllimlər üçün onlayn ixtisasartırma kursları təşkil olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov dövlətimizin tədris üçün yaratdığı şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə əlaqəli tədbirlərin keçirilməsi bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Prorektor təlimdə fəal iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
Universitetin Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev diqqətə çatdırıb ki, bu kursun keçirilməsi muxtar respublikada müvafiq ixtisaslar üzrə müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə iştirak edən orta məktəb müəllimləri çıxışlarında kursların keçirilməsinin əhəmiyyətini qeyd edib, bunun pedaqoji fəaliyyətlə məşğul olanların peşə bacarıqlarının artırılmasına xidmət etdiyini vurğulayıblar.
Sonda kursu başa vuran müəllimlər universitet tərəfindən sertifikatla təltif edilib.
Qeyd edək ki, 3 ixtisas üzrə keçirilən ixtisasartırma kursu beş gün davam edib. Təlimə Biologiya və Fizika ixtisaslarından 30, Kimya fənnindən isə 25 müəllim qatılıb. Təşkil edilən kurslar həmin ixtisasları əhatə edən kabinə və laboratoriyalarda hər gün 2 saat olmaqla, təsdiq edilmiş qrafik və müəyyən olunmuş mövzular əsasında keçirilib. Kursun koordinatoru Kimya kafedrasının müdiri Sevinc Kərimovadır. Bundan başqa, təlimlərin keçirilməsi üçün ixtisaslara uyğun olaraq rəhbər-təlimçilər də seçilib.