Orxan Məmmədov: Ölkəmizdə iqtisadi fəal əhalinin 49 faizini qadınlar təşkil edir
Bakı, 17 may, AZƏRTAC
Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Qadınların ölkəmizin ictimai, siyasi və iqtisadi həyatında rolunun artırılması dövlətimizin daim diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “SHE Congress” tədbirində çıxışı zamanı deyib.
“Bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış müasir dövlət qadın siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsi olaraq hazırda ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik və qadınlar kiçik biznes yaratmağa, özünü-məşğulluğa getdikcə daha çox meyil göstərirlər. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi 19 faiz civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına əsasən bu rəqəm artıq 22 faizi keçib. Bununla yanaşı, hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər sayda qadın təmsil olunur. Eyni zamanda, ölkəmizdə iqtisadi fəal əhalinin 49 faizini qadınlar təşkil edir”.
Orxan Məmmədov bildirib ki, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir: “Araşdırmalar və sorğuların təhlili göstərir ki, məlumatların əldə edilməsi, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına məhdud çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çağırışlardır”.