Ötən il Naxçıvanda imtiyazlı şəxslərə verilən avtomobil və evlərin sayı açıqlanıb

Naxçıvan, 12 fevral, AZƏRTAC
Ötən il muxtar respublikada əlilliyi müəyyən edilmiş 24 şəxs avtomobillə təmin olunub. Bununla da növbəlilik reyestrində olan bütün şəxslər minik avtomobili ilə təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir müavini qeyd edib ki, ümumilikdə, nazirlik tərəfindən bu günədək imtiyazlı şəxslərə 630 avtomobil və 327 ev təqdim olunub. İl ərzində 1 şəhid ailəsi mənzillə təmin edilib, Naxçıvan şəhərində 29 mənzilin satınalınması həyata keçirilib. Bununla yanaşı, əvvəlki dövrlərdə 17 imtiyazlı şəxsə təyin olunmuş mənzillərdə təmir işləri yekunlaşdırılaraq vətəndaşlara təhvil verilib.
“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondunun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan imtiyazlı şəxslərə maddi dəstək göstərilməkdədir. 2024-cü ildə “Dəstək” Fondu tərəfindən 241 şəhid ailəsi, 82 müharibə veteranı və 231 müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsə ümumilikdə 1 milyon 88 min 277 manat vəsaitin ödənişi həyata keçirilib”, - deyə Fərid Bağırzadə əlavə edib.