CƏMİYYƏT
Ötən il NİİM-in kameraları 2 mindən çox yol-nəqliyyat hadisəsini qeydə alıb



Bakı, 13 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının görünüş dairəsində ötən il ərzində 2 min 012 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.
NİİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeydə alınan qəzaların baş verməsinə səbəb olan amillər eyni olaraq qalır. Belə ki, bəzi sürücülərin yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi, ara məsafəsinə düzgün əməl etməməsi və yol nişanlarının tələblərini pozması nəticəsində hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır.
Ötən il ərzində 2 min 244 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə mane olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 56 küçə və prospekt üzrə 75 min 933 dəfə yaşıl dalğa rejimi tətbiq edilib.
Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işlər davam etdirilir.