Ötən il qeyri-neft sektorunda məhsul istehsalı 20,7 faiz artıb
Bakı, 6 yanvar, AZƏRTAC
Ötən il koronavirus pandemiyasının yeni ştamlarının dünya iqtisadiyyatında mənfi təsirləri ilə yadda qaldı. Azərbaycanda da milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışlara cavab vermək və post-pandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən müvafiq strategiyanın formalaşdırmaq məqsədilə tədbirlər icra edildi.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov deyib.
O bildirib ki, 2021-ci ilin ortalarına doğru ölkə iqtisadiyyatında ressesiya dayandı və iqtisadi artım bərpa olundu. Ötən ilin göstəricilərinə əsasən real sektorda Qarabağ və Şərqi Zəngəzur regionlarındakı bərpa-quruculuq işlərinin də təsiri ilə artım müşahidə edildi. 2021-ci ilin ilk 11 ayında Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz, qeyri-neft ÜDM-in artım tempi 6,4 faiz olub. Qeyri-neft sənayesində isə göstəricilər daha yaxşı oldu - 20,7 faiz artım. Belə ki, 2021-ci ilin 11 ayı ərzində ölkədə 80,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ötən ilin yanvar-noyabr aylarında 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,7 faiz artıb. Sənaye məhsulunun 63,8 faizi mədənçıxarma sektorunda, 30,6 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Əlavə olaraq, ÜDM istehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib.
Departament rəhbəri diqqətə çatdırıb ki, keçən ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 milyard ABŞ dolları olub. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon ABŞ dolları artıb. 2021-ci ilin 11 ayında xarici ticarət balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 9,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 44 faiz, qeyri-neft idxalı isə 9 faiz artıb.
2021-ci ilin 9 ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. 2021-ci ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında 3,9 milyard ABŞ dolları və ya ÜDM-in 11 faizi səviyyəsində profisit yaranıb. Bu göstərici, 2020-cu ilin 9 ayı üzrə 208,3 milyon ABŞ dolları kəsir təşkil edib. O cümlədən, cari əməliyyatlar balansında müvafiq dövr üzrə ehtiyat aktivləri 2,4 milyard ABŞ dolları artıb.
Ötən ildə ölkənin maliyyə sabitliyi siyasəti pandemiyanın maliyyə sektoruna neqativ təsirlərinin minimallaşdırılmasına və maliyyə-bank sisteminə etimadın qorunmasına yönəlib. Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi 1,8 dəfə üstələyib. Sektorun ani likvidlik əmsalı 58,3 faiz olmaqla minimum tələbdən (30 faiz) 1,9 dəfə çox olub.
A.Müseyibov vurğulayıb ki, keçən ilin ilk 11 ayında bank sektorunun cəmi aktivləri 2021-ci ilin əvvəli üzrə 32,1 milyard manat səviyyəsindən 35,6 milyard manat təşkil edib. Bankların cəmi kredit portfeli 15 faiz artaraq 16,3 milyard manat təşkil edib. Biznes kreditləri 12,4 faiz artaraq 9,5 milyard manat, istehlak kreditləri 20,2 faiz artaraq 4,4 milyard manat və ipoteka kreditləri 16,8 faiz artaraq 2,4 milyard manat olub. 11 ayda bankların depozit portfeli 24,7 milyard manat təşkil edib, milli valyutada əmanətlər 30,4 faiz artdığı halda, xarici valyutada əmanətlər 8,6 faiz azalıb. O cümlədən fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 50,8 faizdən 41,9 faizə, kreditlərin dollarlaşması isə müvafiq olaraq 29,8 faizdən 26,5 faizə düşüb. Həmçinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncama əsasən bu ilin əvvəlindən əmək haqlarında, müavinət və təqaüdlərdə artımlar tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Vahid əlaqələndirmə mərkəzlərində 6300-dək şəhid ailəsi üzvü və müharibəsi iştirakçısına xidmət göstərilib. 2021-ci ildə atılan addımların nəticəsi olaraq ilk mühüm sosial islahat tədbirlərindən biri minimum əməkhaqqının 300 manata çatdırılması olub.
“Yekunda onu da qeyd edim ki, beynəlxalq ədəbiyyatlarda iqtisadi təhlükəsizlik səviyyəsini qiymətləndirmək üçün 4 əsas göstəricilər sistemi göstərilir. Bunlar ölkənin iqtisadi sisteminin təhlükəsizliyinə, iqtisadi rəqabətə, ölkənin davamlı inkişafına və ölkənin iqtisadi müstəqilliyinə olan təhdidlər hesab olunur. Hansı ki, inflyasiya burada birinci qrup üzrə ən mühüm kriteriyalardan hesab edilir və nəzarətdə saxlanılması, təbii ki, mühüm strateji əhəmiyyət kəsb edir. Hazırda müvafiq göstərici rəsmi məlumatlara əsasən 6,2 faizdir və optimal inflyasiya səviyyəsinə nail olunması qarşıda duran əsas prioritet istiqamətlərdən hesab oluna bilər”, - deyə Ayaz Müseyibov əlavə edib.