SİYASƏT
Özbəkistan mətbuatı Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar məqalələr yayıb
![](/files/galleryphoto/2021/1/1200x630/16100331811461150166_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16100331815869848447_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16100331816324327427_1200x630.jpg)
Daşkənd, 7 yanvar, AZƏRTAC
Özbəkistanın “uza.uz, “dunyo.news” və “qalampir.uz” portalları Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar özbək dilində məqalələr çap edib.
Portallar yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Anar Kərimovu ölkənin mədəniyyət naziri təyin edilməsi ilə bağlı videoformatda qəbul edərkən məlumat verib.
Saytlar bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, Şuşa təkcə Azərbaycanın deyil, regionun mədəni paytaxtı hesab oluna bilər”.
Dövlət başçısı deyib ki, Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verilib.
“Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Saytlar Şuşa şəhərinin tarixi haqqında da məlumat yayıb.
Portallarda Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami ili” elan etməsi, bu il böyük şairin 880 illik yubileyinin qeyd olunacağı haqqında da məlumat verilib, bununla bağlı görüləcək işlərdən bəhs edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd