Özbəkistan portalı: İtaliya parlamenti Ermənistandan Azərbaycanın minalanmış ərazilərinin xəritəsinin verilməsini tələb edir
Daşkənd, 5 mart, АZƏRTAC
Özbəkistan “azon.uz” portalı özbək dilində “İtaliya parlamenti Ermənistandan Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında bununla bağlı “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamənin qəbul edildiyi bildirilib.
Qeyd edilib ki, qətnamədə Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsinin asanlaşdırılması üçün Ermənistan dialoqa çağırılır, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinin irəliyə doğru daha addım olacağı vurğulanır.
Sənəddə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanat haqqında da danışılır, burada göstərilən müddəaların Azərbaycan tərəfdən yerinə yetirildiyi bildirilir. Qeyd olunur ki, müharibədən əvvəl və müharibə dövründə tutulan erməni hərbi əsirləri Ermənistana təhvil verilib. Üçtərəfli Bəyanatdan sonra Qarabağa gətirilən və Azərbaycan tərəfinin əsir götürdüyü ermənilər isə məhkəmə qarşısında cavab verməli olacaqlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd