Özbəkistan portalında yayılan məqalədə Ermənistan tərəfinin Azərbaycan əsgərinin cəsədini qaytarmaması pislənilir
Daşkənd, 18 yanvar, АZƏRTAC
Özbəkistanın “Ziyouz” portalında “Azərbaycan əsgərinin cəsədi Vətənə nə vaxt qaytarılacaq?” sərlövhəli məqalə verilib.
Yazıda ötən il dekabrın 29-da cəbhə xəttində ermənilərin növbəti təxribatları haqqında məlumat verilir. Bildirilir ki, bu təxribatın qarşısını alarkən həlak olan Azərbaycan hərbçisi Çingiz Qurbanovun cəsədini erməni tərəfi götürüb və geri qaytarmaq istəmir.
Məqalədə ermənilərin işğalçılıq siyasəti pislənilir. Ermənistan tərəfi Azərbaycan əsgərinin cəsədini qaytarmamaqda ittiham edilir. Bildirilir ki, hətta Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycan əsgərinin cəsədinin Vətənə qaytarılması ilə bağlı müraciəti də cavabsız qalıb.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi haqqında məlumat verilir.
Bildirilir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, kommunikasiyalar və yaşayış evləri dağıdılıb, qarət edilib, muzeylər talanıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnamə isə hələ də yerinə yetirilmir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd