Özbəkistan portalları Dünya Azərbaycanlılarının IV Qurultayı haqqında məqalələr yayıb
Daşkənd, 10 iyun, AZƏRTAC
Özbəkistanın sharh.uz, podrobno.uz, kultura.uz, uchildiz.uz və ziyouz.uz portalları Dünya Azərbaycanlılarının IV Qurultayı haqqında məqalələr yayıb. Məqalələrdə qurultay haqqında ətraflı məlumat verilir, tədbirdə dünyanın 49 ölkəsindən 500-dən artıq diaspor nümayəndələri və qonaqların iştirak etdikləri bildirilir. Qonaqlar arasında xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçilərinin, ictimai xadimlərinin, elm adamlarının və bir neçə ölkənin yüksək vəzifəli şəxslərinin, parlament üzvlərinin də olduğu diqqətə çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin qurultayın açılışında proqram xarakterli çıxış etdiyi vurğulanır. Dövlət başçısının Azərbaycanın iqtisadi inkişafı, xaricdəki diaspor təşkilatlarının daha da güclənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdən danışdığı bildirilir.
Qurultayın yekununda iştirakçıların bir sıra sənədlər, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etdikləri diqqətə çatdırılır.
Məqalələrdə qeyd edilir ki, tədbirdə üçüncü qurultaydan keçən müddət ərzində görülən işlər, həyata keçirilən layihələr təhlil edilib, müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, xarici ölkələrdə lobbi quruculuğu məsələləri və digər mövzularda müzakirələr aparılıb, nümayəndələr rəy və təkliflərini bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd