Özbəkistan portalları Ermənistanın hərbi təxribatı ilə bağlı məqalələr yayıb
Daşkənd, 18 iyul, АZƏRTAC
Özbəkistan azon.uz portalı Türkiyə Böyük Millət Məclisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki təxribatı ilə əlaqədar açıqlama yaymasına dair məqalə yayıb. Məqalədə bildirilir ki, sənəd parlamentdə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən qəbul olunub. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə hücum cəhdi kəskin şəkildə pislənilir, bildirilir ki, bundan sonra da Türkiyə bütün imkanlarla Azərbaycanın yanında olacaq.
Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdiyi diqqətə çatdırılır, bildirilir ki, indiyədək Ermənistan bu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur.
Tnews.uz saytı isə Türk Şurasının Ermənistanın Azərbaycan ərazilərindəki mövqelərinə hücum cəhdini pisləməsi ilə bağlı məqalə verib.
Məqalədə qeyd edilir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyev atəşkəs dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki mövqelərini minomyotlardan və iriçaplı pulemyotlardan atəşə tutmasından və gərginliyin artmasından narahat olduğunu bildirib, hərbçilərin və dinc sakinlərin həlak olmasını pisləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd