ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN BƏYANATI
- Hörmətli İlham Heydər oğlu,
hörmətli kütləvi informasiya vasitələri nümayəndələri,
xanımlar və cənablar!
Fürsətdən istifadə edərək, məni Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə, eləcə də Azərbaycan torpağında hiss etdiyimiz, duyduğumuz bu səmimi və hərarətli qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir daha ürəkdən minnətdarlığımı bildirmək istərdim.
Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığımı bildirmək istərdim. Biz ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini ətraflı müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. Biz müzakirə edilən məsələlərin əksəriyyəti barədə mövqelərimizin üst-üstə düşməsini və ya oxşar olmasını qeyd etdik.
Hesab edirik ki, bu gün dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə Azərbaycan tərəfi ilə bağlanmış müqavilələr münasibətlərimizin inkişafına böyük təkan verəcək, qarşılıqlı surətdə faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaqdır.
Danışıqların gedişində biz Cənubi Qafqazın və Mərkəzi Asiyanın genişlənməkdə olan qarşılıqlı asılılığı, dövlətlərimiz qarşısında, regionlarımız qarşısında duran problemlərin oxşarlığı barədə ümumi fikrə gəldik. Özbəkistan tərəfi bir daha təsdiq etdi ki, o, Dağlıq Qarabağ probleminin sülh yolu ilə, siyasi yolla həllinin tərəfdarı olmuşdur və olacaqdır. Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur. Əlbəttə, mən öz fikrimi deyirəm, lakin əminəm ki, ötən on yeddi ildə baş vermiş hadisələri obyektiv qiymətləndirən insanların hamısı bu fikirlə razılaşar. Qarabağ problemi 1988-ci ildə başlanmışdır və bu münaqişə ilə əlaqədar prosesləri müşahidə edənlərin, sadəcə müşahidə etməklə kifayətlənməyib, onları diqqətlə izləyənlərin hamısı, zənnimcə, Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Azərbaycanın qazandığı sanballı uğurlar, bu ölkənin gücünün, potensialının artması, iqtisadiyyatının davamlı inkişaf sürəti Özbəkistanda səmimi hörmətlə qarşılanır. Mən Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən, Azərbaycanı Şərqlə Qərbi və Şimal ilə Cənubu birləşdirən aparıcı logistika mərkəzlərindən birinə çevirməyə yönəlmiş, hərtərəfli düşünülmüş, praqmatik xarici siyasət xəttini xüsusi vurğulamaq istərdim.
Zənnimcə, heç kəs şübhə etmir ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ölçülüb-biçilmiş, bir daha vurğulayıram, düşünülmüş siyasətin nəticəsidir.
Danışıqların yekunlarına əsasən qəbul edilmiş qərarlarda ölkələrimiz arasında iqtisadi kooperasiyanın və əmtəə dövriyyəsinin artırılmasının, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin, mədəni-humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilmişdir.
Sabah Bakıda özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsinin təntənəli açılışı, Azərbaycan paytaxtındakı küçələrdən birinə böyük özbək alimi, astronom Mirzə Uluqbəyin adının verilməsi iki qardaş xalq arasında humanitar əlaqələri möhkəmləndirən mühüm amillər olacaqdır.
Tam əmin olmağımıza hər cür əsas var ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana indiki səfəri iki ölkənin dostluq və əməkdaşlığının daha da möhkəmlənməsində mühüm mərhələ olacaqdır.
Fürsətdən istifadə edərək, birmənalı şəkildə bəyan etmək istərdim ki, Özbəkistan Azərbaycanla uzunmüddətli və qarşılıqlı surətdə faydalı münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.
Diqqətinizə görə təşəkkür edirəm.