Özbəkistan vahid rəqəmsal dövlət idarəçiliyi platforması tətbiq edir
Bakı, 7 iyul, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vahid inteqrasiya olunmuş rəqəmsal dövlət idarəçiliyi platformasının tətbiqi, startap ekosisteminin inkişafı və telekommunikasiya sektorunda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı təqdimatı nəzərdən keçirib.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Özbəkistan son illərdə rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, müasir informasiya sistemlərinin dövlət qurumlarına inteqrasiyası, ictimaiyyət və biznes üçün istifadəçi təcrübəsinin yaxşılaşdırılması istiqamətində geniş işlər görüb. Nəticədə ölkə BMT-nin elektron hökumətin inkişaf reytinqində 24 pillə irəliləyib. Qarşıya 2030-cu ilə qədər Özbəkistanın bu sahədə dünyanın ən yaxşı 30 ölkəsindən biri olması məqsədi qoyulub.
Təqdimatda diqqətə çatdırılıb ki, bu il rəqəmsal dövlət xidmətlərinin sayının 860-a çatacağı və 15,5 milyon istifadəçinin olacağı gözlənilir. Müqayisə üçün bildirilib ki, 2024-cü ildə 4 milyon istifadəçiyə 525 dövlət xidməti təqdim edilib.
Eyni zamanda, dövlət idarəçiliyində məlumat bazalarının və informasiya sistemlərinin ayrı-ayrı qurumlar arasında parçalanmış şəkildə inkişaf etdirildiyi, həmçinin onların təhlilində və qərar qəbuletmə proseslərində vahid yanaşmanın olmadığı qeyd edilib. Bu baxımdan, vahid, inteqrasiya olunmuş rəqəmsal dövlət idarəçiliyi platformasının tədrici tətbiqi təklif edilib. Bu sistem regional iqtisadiyyatlar, investisiyalar, ətraf mühit, təhlükəsizlik məsələləri, ictimai narahatlıqlar və məhəllələrin rifahı, habelə coğrafi məkan, əmlak məlumatlarını və kartoqrafik təbəqələri birləşdirəcək.