PAKİSTAN KƏŞFİYYATI “ƏL-QAİDƏ”NİN YENİ HÜCUM PLANLARINI TAPMIŞDIR
Bu planlar qruplaşmanın yüksəkvəzifəli üzvlərindən biri olan Əhməd Xəlfən Qaylani həbs edilərkən götürülmüş kompüterdəki elektron poçtundan tapılmışdır. Qaylani ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasının hazırlanmasında və təşkilində ittihamlarla əlaqədar 1998-ci ildən beynəlxalq axtarışda olmuşdur. O, iyulun 25-də Pakistanda 12 saat davam edən atışmadan sonra tutulmuşdur.
Bundan əlavə, Pakistan hökumətinin bəyanatına görə, avqustun 2-də aparılmış xüsusi əməliyyat zamanı “Əl-Qaidə” qruplaşmasının kompüter təminatı və kommunikasiyalar üzrə bir mütəxəssisi həbsə alınmışdır. Onun adı açıqlanmır.
Xatırladaq ki, bu günlərdə ABŞ kəşfiyyatı ölkənin bir sıra şəhərlərində terror aktları hazırlandığını bildirmişdir. “Əl-Qaidə”nin zərbələri üçün potensial hədəf kimi Vaşinqtondakı Beynəlxalq Valyuta Fondunun, Nyu-York fond birjasının binaları və Nyu-Cersi ştatının bir sıra maliyyə və siyasi idarələri seçilmişdir.
Mütəxəssislərin fikrincə, “Əl-Qaidə”nin bütün dünyada 18 mindən çox potensial terrorçusu var. Terrorçularda kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının olduğu istisna edilmir.