Pakistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə dərc edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Pakistanın nüfuzlu ingilisdilli “Centreline” jurnalında və DNA NEWS informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Faruk Riaz Çoudrinin 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar 1990 - azərbaycanlıların dəhşətli günü” sərlövhəli məqaləsi dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə XX əsrin sonunda - Sovet İttifaqının süqutu ərəfəsində ölkədə cərəyan edən hadisələr nəzərdən keçirilmişdir. Yazıda erməni millətçilərinin yaranmış vəziyyətdən sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək kimi məkrli istəklərini həyata keçirmək üçün SSRİ rəhbəri Mixayıl Qorbaçovun dəstəyini aldıqları vurğulanmışdır. Daha sonra Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan 300 mindən çox azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanmışdır. Buna etiraz əlaməti olaraq azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və Azərbaycanın müstəqilliyi ilə bağlı şüarlarla çıxış etmələri qeyd edilmişdir.
Məqalədə 1990-cu ilin yanvarın 20-də sovet ordusunun ağır texnika ilə Bakıya daxil edildiyi, silahsız dinc insanlara atəş açıldığı, törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. Müəllif bu aksiyanın SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olduğunu vurğulamışdır. Yazıda qeyd olunmuşdur ki, əməliyyatdan öncə Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid edilmiş, fövqəladə vəziyyət isə ordunun atəş açmasından yeddi saat sonra elan olunmuşdur. Əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqının bu arzusunun həyata keçməsinə yol verməmək idi.
Müəllif məqaləsində yazır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək və həyati təhlükəyə baxmayaraq bu amansız aksiyanı qətiyyətlə pisləmiş, onu törədənlərin cəzalandırılmasını tələb etmişdir. Yazıda Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasının ulu öndər Heydər Əliyev tərəfindən yarması faktı və bunun nəticəsində hər bir azərbaycanlıda inam hissinin daha da artdığı, sovet rəhbərliyinin planlarının alt-üst olduğu etdiyi qeyd olunmuşdur. Müəllif şəhidlərin dəfn mərasimində bir milyondan çox insanın iştirakını və bütün Azərbaycanın qırx gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsini buna sübut olduğunu vurğulamışdır.
Məqalədə 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğu bildirilmişdir. Ulu öndər Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə faciə qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyi, onların ailə üzvlərə Azərbaycan dövləti tərəfindən daim diqqət və qayğının göstərildiyi vurğulanmışdır.
Yazının sonunda hər il yanvarın 20-də yüz minlərlə insanın şəhidlərə ehtiramlarını bildirmək üçün şəhərin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etdiklərini oxucuların diqqətinə çatdırılmışdır.
Məqalənin tam mətni ilə http://dnanews.com.pk/20-january-1990-a-day-of-nightmare-for-azerbaijan-people/ linkindən tanış olmaq mümkündür.