Pakistanda “20 Yanvar ümummilli hüzn günüdür” adlı seminar keçirilmişdir
İslamabad, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Kitabxanasında Pakistan Sülh və Demokratiya İnstitutu ilə birlikdə “20 Yanvar ümumxalq hüzn günüdür” adlı seminar keçirmişdir.
Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rəhbərləri, professor-müəllim heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, o qanlı gecədə sovet qoşunları Bakıda dinc insanlara qarşı qəddarlıq göstərmiş, günahsız qanlar tökmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etmişdir.
D.Şikarov bildirmişdir ki, hadisədən bir gün sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev təzyiq və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bu aksiyanı qəti pisləmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Səfir yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu bildirmiş, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu və Prezident Heydər Əliyevin Fərmanı ilə 20 Yanvar qurbanlarına “20 Yanvar şəhidi” fəxri adının verildiyini vurğulamışdır.
Tanınmış jurnalist, Beynəlxalq Mədəni Əlaqələr İnstitutunun direktoru Rana Athar Caved çıxışında sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında konkret faktlar gətirmiş, şəhidlərin dəfn mərasiminə bir milyondan çox insanın qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqının 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini vurğulamışdır.
Preston Universitetinin professoru Sohail Ahmad keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulamışdır. O, Ermənistanın Azərbaycana torpaq iddialarından söz açaraq, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan 300 minə yaxın azərbaycanlının zorla qovulduğunu bildirmişdir. S.Ahmad 20 Yanvar faciəsini dövlət terrorizmi adlandırmış, hadisələrdə əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra Bari İmam məscidində 20 Yanvar şəhidlərinin ruhuna ehsan verilmişdir.
Qeyd edək ki, “Pakistan Observer ”, “Election Times” qəzetlərində, “Centreline” jurnalında, “DNA”, “Pakistan in the world ” informasiya agentliklərində 20 Yanvar qətliamı ilə bağlı məqalələr dərc olunmuş, “Kapital” televiziya kanalında sənədli film nümayiş etdirilmişdir.
Məqalələrdə xalqımıza qarşı törədilmiş cinayətdən ətraflı bəhs olunmuş, hadisənin tariximizin faciəli, eyni zamanda, şərəfli səhifəsi olduğu oxucuların diqqətinə çatdırılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad