Pakistanın “The News” qəzeti Xocalı soyqırımı barədə məqalə yayıb
Bakı, 9 mart, AZƏRTAC
Pakistanın tanınmış “The News” qəzetinin saytında “Xocalı soyqırımı” sərlövhəli məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Avrasiya-Azərbaycan beynəlxalq ekspert klubunun direktoru, Vzglayd.az xəbər agentliyinin baş redaktoru Seymur Məmmədovdur.
Məqalədə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi bildirilir. Qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu, 487 dinc Xocalı sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürüldüyü qeyd olunur.
Müəllif yazır ki, qarlı-şaxtalı qış gecəsində Xocalı yerlə-yeksan edildi, şəhərdəki yaşayış evləri dağıdılaraq yandırıldı. Bir çox insanlar meşələrə və dağlara qaçmağa müvəffəq olsalar da, onlar şaxtaya tab gətirməyib öldülər.
Yazıda XX əsrin faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu, onun Xatın, Lidisa, Oradur, Sonqmi, Ruanda və Srebrenitsa faciələri ilə bir sırada durduğu vurğulanır.
Müəllif qeyd edir ki, Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşiliklərə görə bu soyqırımının fəal iştirakçılarından olan Serj Sarkisyan, Seyran Ohanyan və başqaları birbaşa məsuliyyət daşıyırlar. Təəssüflər olsun ki, bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının təşkilatçıları və onu törədənlər hələ də beynəlxalq məsuliyyətə cəlb olunmayıblar.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində gördükləri işlər xüsusi vurğulanır. Dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlərin təşkil olunduğu diqqətə çatdırılır.
Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə çox uğurlu iş apardığı və Xocalı qətliamı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verdiyi qeyd olunur. Bu kampaniyanın və Xocalı soyqırımı ilə bağlı çoxsaylı tədbirlərin nəticəsi olaraq bu gün bir çox ölkələrin və ABŞ-ın iyirmidən çox ştatının artıq Xocalı soyqırımını tanıdığı və pislədiyi vurğulanır.
Müəllif sonda qeyd edir ki, Azərbaycan xalqı Xocalı faciəsi və bu kimi dəhşətli cinayətləri törədənləri heç zaman unutmayacaq, Serj Sarkisyan, Seyran Ohanyan, Robert Köçəryan və başqaları gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər.