Pandemiya şəraitində gender əsaslı zorakılığa qarşı əlaqələndirilmiş cavab tədbirlərinin təkmilləşdirilməsi önəmlidir
Bakı, 27 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Nüfuzlu beynəlxalq təşkilatlar gender əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının pandemiya dövründə dayanıqlı şəkildə müdafiəsini təmin etməyə çalışır. Bu mənada, BMT-nin 9 agentliyinin COVID-19 kontekstində qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasına dair birgə bəyanatı təqdirəlayiqdir. Bəyanatda qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması, bu halların aradan qaldırılmasının pandemiyaya qarşı milli mübarizə planlarının əsas hissəsi kimi prioritet olmasına dair çağırış edilir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, qadın hüquqlarını müdafiə edən təşkilatlar üçün təcili və çevik maliyyələşməni, qadınların səhiyyə və sosial xidmətlərə əlçatanlığını təmin etmək zəruri hesab olunur. BMT-yə üzv 146 dövlət və yeni tədbirləri dəstəklədiklərini ifadə edən müşahidəçilər qurbanların və sağ qalanların təhlükəsizliyini, onların ehtiyac duyduqları yardımı indi və gələcəkdə necə alacaqlarını təmin etməyə hədəflənən bəyanatın real nəticələrindən faydalanacaqlar. “Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin onlayn iclaslarında da pandemiya dövründə gender böhranı ilə bağlı intensiv müzakirələr təşkil olunur. Həmin müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə dair öz mövqeyimi ifadə etmişəm. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi hər zaman prinsipial olub. Ümumiyyətlə, ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində kompleks tədbirlər yalnız pandemiya dövründə yox, hər zaman həyata keçirilir”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, pandemiyanın uzunmüddətli perspektivdə qadınların səhhətinə, onların hüquq və azadlıqlarına təsiri və bütövlükdə cəmiyyətlərə zərər verməsi haqlı olaraq narahatlıq doğurur. Müşahidələr göstərir ki, COVID-19 gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb. Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma tədbirləri bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Belə bir mürəkkəb vəziyyətdə məsələnin beynəlxalq platformalarda müzakirəsi, BMT tərəfindən xüsusi bəyanatın qəbul olunması təhlükənin miqyasının azaldılması istiqamətində töhfə ola bilər. Bu, nəticə etibarilə, zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir. Azərbaycan pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş katibinin çağırışına qoşulan ölkələrdən biridir. COVID-19 böhranı şəraitində gender əsaslı zorakılığa qarşı əlaqələndirilmiş cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi olduqca vacibdir. Bu mənada, bütün dövlətlər mövcud böhranın daha da dərinləşməsinin qarşısını almaq istiqamətində çalışmalı və bu sahədə qəbul olunan hüquqi sənədlərə və tövsiyələrə dəstək verməlidir.