Pandemiyanın Yaxın Şərq və Şimali Afrikada əmək bazarına mənfi təsirləri üzrə hesabat hazırlanıb
Qahirə, 2 iyun, AZƏRTAC
COVID-19 pandemiyası Yaxın Şərq və Şimali Afrika regionunda da əmək bazarına mənfi təsir göstərib.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi Qahirədə yerləşən İqtisadi Tədqiqatlar Forumu bununla bağlı hesabat təqdim edib.
Hesabatda Misir, İordaniya, Mərakeş, Sudan və Tunisdə əmək bazarına dair aparılmış monitorinqin nəticələri əks olunub. Qeyd edilib ki, pandemiyanın davam etdiyi 18 ay ərzində işsizliyin səviyyəsi artıb, əhalinin gəlirləri, o cümlədən maaşlar azalıb. Misir və Mərakeşdə iş yerləri nisbətən az bağlansa da, ümumilikdə, bu ölkələrdə də əmək bazarında ağır vəziyyət hökm sürür. Bu sahədə pandemiyadan ən çox zərər görən isə İordaniya və Tunisdir. Bundan başqa, fermerlər də toxum və gübrə bazarlarının bağlanması səbəbində çətin vəziyyətə düşüblər. İqtisadiyyatın əsas sahələrindən biri olan turizm sektorunun fəaliyyətinin dayanması Tunisdə ciddi maliyyə böhranı yaradıb. Bütün bu amillər isə əhalinin sosial təminatına ağır zərbə vurub, hətta təqaüd və müavinətlərin ödənilməsində problemlər meydana çıxıb.
Forumun hesabatında qeyd olunub ki, region ölkələrində qadın və uşaq əməyinin istismarı da narahatlıq doğurur. Xüsusən pandemiya dövründə uşaqlı qadınların bir hissəsi sutkada 12-14 saat işləməyə məcbur ediliblər. Eyni zamanda, işsiz qadınların sayı 40 faizdən çox artıb. Zərif cinsin nümayəndələri arasında işini itirməyənlər müəllim, tibb bacısı və bank işçiləridir. Gənclər arasında işsizlik isə 30 faizdən çoxdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə