“Paris-2024”: Oyunlardan sonra Fransada siyasi qeyri-sabitlik daha da gərginləşə bilər
Paris, 10 iyul, AZƏRTAC
Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) “Paris-2024” Yay Olimpiya Oyunlarının açılışına iki həftə qalmış yarışın ölkəyə mümkün iqtisadi təsirini araşdırıb. İnstitutun fikrincə, televiziya hüquqları, turizm və istehlak Oyunları ölkə üçün yaxşı biznesə çevirir.
AZƏRTAC xəbər verir ki, INSEE tərəfindən dərc olunan araşdırmaya görə, Olimpiya və Paralimpiya Oyunları ümumi daxili məhsula (ÜDM) 0,3 ballıq artım gətirməlidir. Bu artım bilet gəlirləri, televiziya yayımı hüquqları və turist fəallığının artması hesabına gözlənilir. Hər iki Oyunlar üçün otellərdə, restoranlarda, qatarlarda və ümumiyyətlə, nəqliyyatda rezervasiyalar edilib. INSEE hesab edir ki, təsir Britaniya iqtisadiyyatını stimullaşdıran 2012-ci ildə London Oyunları ilə müqayisə oluna bilər.
Bu, iqtisadiyyata daxil olan milyardlarla avro deməkdir. May ayında İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin araşdırması Oyunların Paris və onun əksər tədbirlərin keçiriləcəyi region üçün 7 ilə 11 milyard avro arasında iqtisadi fayda gətirəcəyini təxmin etmişdi. Oyunların büdcəyə birbaşa təsirinin kəmiyyətini müəyyən etmək çətin olsa da, uzunmüddətli perspektivdə ölkənin imicinə təsir edəcəyi gözlənilir.
Həmçinin qeyd edilir ki, Olimpiadalar, xüsusilə də yerli idmançıların qələbəsi inamı gücləndirən mənəvi güc verən müstəsna birlik məqamıdır. İqtisadiyyata güvən çox vacibdir. Ancaq gözlənilən etiraz tətillərinin mənfi təsirləri də ola bilər. Artıq Paris Hava Limanları (ADP) həmkarlar ittifaqı bütün işçilər üçün bonuslar tələb edərək tətil bildirişləri göndərib. Təhlükəsizlik məsələsi də narahatlıq doğurur.
Araşdırmaların nəticəsində məlum olub ki, Olimpiadadan sonra ölkədə siyasi qeyri-sabitlik daha gərginləşə bilər. Qeyri-müəyyən gələcəklə üzləşən fransızlar xərclərində daha ehtiyatlı olmalıdırlar. Buna görə də INSEE son rübdə ÜDM-in 0,1%-i qədər azalma ilə fəaliyyətin yavaşlayacağını proqnozlaşdırır.