Parisdə EANA-nın Baş Assambleyası keçirilib
AZƏRTAC tədbirdə təmsil olunub
Paris, 15 sentyabr, AZƏRTAC
Parisdə Frans-Press agentliyinin (AFP) mənzil qərargahında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib. EANA-nın üzvü AZƏRTAC Baş Assambleyada təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Assambleya çərçivəsində AFP-nin prezidenti və baş icraçı direktoru Fabris Fris 2 il müddətinə təşkilatın yeni prezidenti, Rumıniyanın AGERPRES Milli Xəbər Agentliyinin baş direktoru Klaudiya Nikolae isə 3 il müddətinə EANA-nın İdarə Heyətinin üzvü seçiliblər.
“EANA- xəbər agentlikləri süni intellektdən istifadə kimi qarşılıqlı maraq doğuran məsələlərdə öz üzvləri arasında əməkdaşlığı inkişaf etdirmək və əqli mülkiyyətin qorunması kimi məsələlərdə xəbər agentliklərinin səsini eşitdirmək üçün mükəmməl forumdur”, - deyə Avropa Xəbər Agentlikləri Alyansının yeni prezidenti Fabris Fris bildirib.
AGERPRES -in baş direktoru Klaudiya Nikolae çıxış edərək, bu gün jurnalistlərin təkcə məlumat əldə etmək üçün deyil, həmçinin xəbərin doğruluğu və etibarlılığı uğrunda mübarizə apardıqlarını qeyd edib. O, EANA İdarə Heyətinə üzv seçildiyi üçün həmkarlarına təşəkkürünü bildirib.
EANA-nın baş katibi Aleksandru Giboi təşkilatın yeni prezidenti və İdarə Heyətinin yeni üzvünü təbrik edərək, alyansın dünya miqyasında tanınan media meneceri Fabris Frisin təcrübəsindən faydalanacağını diqqətə çatdırıb. Bildirib ki, xəbər agentlikləri mühiti əsaslı dəyişikliklərdən keçir və onların gələcək təkamülünün dəstəklənməsində EANA böyük rol oynayacaq.
EANA-nın Baş Assambleyası çərçivəsində təşkilatın üzvləri - Türkiyənin Anadolu Agentliyi və İspaniyanın EFE Agentliyi əməkdaşlıq anlaşması imzalayıblar.
Xatırladaq ki, 1956-cı il avqustun 21-də Strasburqda keçirilən konfransdan sonra əsası qoyulan EANA Avropa xəbər agentliklərinin əməkdaşlıq və işgüzar fikir mübadiləsi forumudur. EANA 32 xəbər agentliyindən ibarətdir və peşəkar jurnalistikanı, müəllif hüquqlarını, keyfiyyətli informasiyaya çıxışı, medianın texnoloji inkişafı və mətbuat azadlığını təşviq edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris