Parisdə həmkarlar ittifaqları müəllimləri nümayişə səsləyir
Paris, 4 aprel, AZƏRTAC
Fransa Müəllimləri Həmkarlar İttifaqı yenidən təhsil naziri Jan-Mişel Blankenin apardığı islahatlara qarşı etiraz nümayişinə çıxmağa çağırış edib. Nümayişçilər nazir tərəfindən irəli sürülmüş “etibarlı təhsil” qanununda düzəlişlər ediləcəyinə ümid bəsləyirlər.
AZƏRTAC xəbər verir ki, müəllimlərin bugünkü nümayişində Parisin 70 faiz, Yuxarı Sena departamentinin 60 faiz, Uaz departamentinin 45 faiz, eləcə də Luar-Atlantik və Yuxarı Qaronnanın müəllimlərinin 40 faizinin küçəyə çıxacağı gözlənilir.
Milli Assambleyada qəbul edilmiş qanun layihəsi mayın əvvəlində Senatda səsə qoyulmalıdır. Yeni qanuna əsasən məktəb direktoru vəzifəsinin ləğv edilməsi, bələdiyyələri özəl bağçaların tədbirlərini 3 il maliyyələşdirməyə məcbur edən məsələlər, liseylə bağlı irəli sürülmüş islahatlar böyük narazılığa səbəb olub. Parisdə bir çox təhsil müəssisələrində dərslər dayandırılıb.
Qeyd edək ki, ötən şənbə günü Fransada 36 min müəllim nümayiş edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris