MƏDƏNİYYƏT
Parisdə Rex kinoteatrında 2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılışı olub VİDEO
Paris, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyin dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz çıxış edərək festivalı açıq elan edib. Festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya və UNESCO yanında daimi nümayəndə Elman Abdullayevə təşəkkürünü bildirib. O, festivalın iki ölkənin mədəniyyət və incəsənət sahəsində Parisdəki birgə fəaliyyətlərinin başlanğıcı olduğunu deyib. Birgə fəaliyyətin daha da dərinləşəcəyinə və davamlı olacağına inandığını qeyd edib.
Festival hər il kinonun beşiyi olan Parisdə “AITYSH France” assosiasiyası tərəfindən təşkil olunur. Festivalın əsas məqsədi yeni reallıqlar və obrazları təqdim etmək, istedadları təbliğ etmək və filmləri dünya kino irsinə çevrilmiş kinorejissorların müstəsna dünyasına qayğı göstərmək, insanlardan və mədəniyyətlərdən bəhs edən filmləri nümayiş etdirmək, mədəniyyətlər və millətlər arasında dialoqu inkişaf etdirməkdir.
Festivalın prinsipi unikal kino dili ilə tolerantlıq, qarşılıqlı anlaşma, mehribanlıq, mədəni müxtəlifliyin və birliyin qorunması mesajı verməkdir.
Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz və prodüser, mesenat Kuban Toyçubaev tərəfindən yaradılmış “Kino İrsi” Beynəlxalq Film Festivalına UNESCO ikinci dəfə himayəlik etməsi festivalın beynəlxalq aləmdə əhəmiyyətini və vacibliyini əks etdirir. Rejissor Kosta-Qavras festivalın fəxri prezidentdir.
2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimində Fransada akkreditə olmuş diplomatlar, Fransanın, eləcə də iştirakçı ölkələrin mədəniyyət və incəsənət xadimləri, festival çərçivəsində nümayiş olunacaq filmlərin rejissorları, aktyorları, yerli ictimaiyyətin və Parisdə yaşayan müxtəlif xalqların diaspora nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, festival çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə lentə alınmış “Xarıbülbül əfsanəsi” və “Odin kodu” adlı sənədli filmlər Parisdə Rex kinoteatrında nümayiş olunacaq.