Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası çərçivəsində qurumun Sülh və beynəlxalq təhlükəsizlik komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda iqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində dünyada yaranmış disbalans və humanitar fəlakət mövzusuna dair fikir mübadiləsi aparıblar.
Milli Məclisin deputatı Kamran Nəbizadə komitənin iclasında iştirak edərək iqlim dəyişikliyinin, artan su qıtlığının, əhali artımının, demoqrafik dəyişikliklərin və urbanizasiya proseslərinin su təchizatı sistemləri üçün artıq problemlər yaratdığını bildirib.
Kamran Nəbizadə Azərbaycanın əsas məqsədlərindən birinin suyun bütün sahələrdə səmərəli və məhsuldar istifadəsinin təmin edilməsi olduğunu bildirib. O, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ölkəmizin ətraf mühit sahəsində mühüm nailiyyətlər əldə olunması üçün çoxsaylı konvensiyaları imzaladığını, bu sahə üzrə son illər ərzində bir sıra qanunların qəbul olunduğunu diqqətə çatdırıb.
Komitə üzvləri və rəhbərliyi tərəfindən Milli Məclisin deputatının çıxışı və Azərbaycanın qeyd olunan sahədə nümayiş etdirdiyi mövqe yüksək qiymətləndirilib. Komitənin həmsədri, eyni zamanda, Almaniya Bundestaqının Sədr müavini xanım Klaudiya Roth üzv dövlətləri Azərbaycanla eyni mövqedə olmağa çağırıb, yalnız belə bir mövqenin planetimizin gələcəyinə yardım edəcəyini deyib.