İQTİSADİYYAT
“PAŞA Bank”ın idarə heyəti jurnalistlərlə görüş keçirmişdir
Bakı, 8 dekabr (AZƏRTAC). “PAŞA Bank”ın British Council ilə əməkdaşlıq əsasında həyata keçirdiyi yerli biznes jurnalistikasının inkişafı üzrə Proqramın ikinci mərhələsində məşhur jurnalist və məsləhətçi Den Meyson Bakıya gəlmişdir.
AZƏRTAC xəbər verir ki, bu həftə ərzində Proqramın iştirakçıları online jurnalistikada tətbiq olunan müasir üsulları öyrənmək, qərb praktikasında tətbiq olunan zəruri informasiya axtarışı, peşəkar bloqun aparılması vasitələri və s. ilə tanış olmuşlar.
Təlim çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri dekabrın 7-də “PAŞA Bank”ın baş əməliyyat inzibatçısı, idarə heyətinin üzvü Emil Hacıyev ilə görüşmüşlər. Bankın nümayəndəsi əsasən iqtisadi mövzuları şərh edən jurnalistlərə bazardakı proseslər, iş prinsipləri, bankın yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqəsi barədə danışmış, eləcə də onların suallarını cavablandırmışdır.