PASSİV SİQARETÇƏKMƏDƏN HƏR İL 50 MİNƏDƏK AMERİKALI ÖLÜR
Məruzədə deyilir ki, 2005-ci ilin yekunlarına görə, ağciyər xərçəngindən 3 mindən çox, ürək-damar xəstəliklərindən təxminən 46 min passiv siqaretçəkən dünyasını dəyişmiş, 430 körpədə passiv siqaretçəkmənin səbəb olduğu qəfil uşaq ölümü sindromu aşkar edilmişdir.
Cərrahın məlumatına görə, passiv siqaretçəkməyə mübtəla olan insan tütün tüstüsünün tərkibindəki 50-dən çox kanserogen maddənin zərərli təsirinə məruz qalır. Siqaretçəkənlə yaşayan siqaretçəkməyən adamda ağciyər xəstəliyinə tutulmaq riski 30 faiz artır. ABŞ-ın siqaretçəkməyən sakinlərinin minimum 60 faizi passiv siqaretçəkmədən əziyyət çəkir.
Məruzədə bildirilir ki, “passivlər” arasında təxminən 22 milyon uşaq var. İnkişafda olan uşaq orqanizmi tütün tüstüsünün fəlakətli təsirindən daha çox zərər çəkir. Testlər göstərmişdir ki, nikotinin parçalanmasının əmələ gətirdiyi zərərli maddələr passiv siqaretçəkən uşaqların qanında yaşlıların qanı ilə müqayisədə iki dəfədən də çoxdur.
Karmonanın fikrincə, binaların daxilində “siqaretçilər” üçün zonalar ayrılması siqaretçəkməyənləri tütün tüstüsünün çox ağır təsirindən qoruya bilməz. Problemin həlli üçün iş yerlərində, ictimai yerlərdə siqaret çəkməyi qadağan etmək lazımdır.
Həkimlərin təxmini hesablamalarına görə, ictimai yerlərdə siqaretçəkmənin tam qadağan olunması təkcə birinci ildə 1500 infarktın və 360 insultun qarşısını almağa, habelə tibbi xidmətlərə xərclənən 49 milyon dollara qənaət etməyə imkan verər.