İQTİSADİYYAT
Paytaxtın Yusif Səfərov küçəsinin 1250 metrlik daha bir hissəsi təmir edilir VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə paytaxtın Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılır. Bununla əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yekunlaşmaq üzrədir. Daha sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq.
Asfaltlanma işləri yekunlaşdıqdan sonra yol-cizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Təmir işlərinin bu həftənin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 kilometrlik hissəsi artıq təmir edilib.