DÜNYA
Pekinin yeni aeroportu istifadəyə tam hazırdır
Pekin, 8 sentyabr, AZƏRTAC
Pekində inşa edilmiş və dünyanın ən böyük hava limanlarından olan "Dasin" beynəlxalq aeroportu istifadəyə tam hazırdır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da istismara verilməsi nəzərdə tutulan hava limanından bir neçə dəfə uğurlu sınaq uçuşları həyata keçirilib. Artıq "Dasin" hava limanından həyata keçiriləcək uçuşlar üçün bilet satışına da başlanılıb. İlkin mərhələdə Şanxay, Quancou, Çendu və Kunmin şəhərlərinə daxili, habelə London, Helsinki, Kasablanka, Fukuoka və Katmandu şəhərlərinə beynəlxalq uçuşlar reallaşacaq. Hava limanını şəhər mərkəzi ilə birləşdirən metro xətti də istismara hazırdır.
Qeyd edək ki, Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən "Dasin" hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyona, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatacağı gözlənilir. Şəhər mərkəzindən 46 kilometr məsafədə yerləşən aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin