“Pəncərə” klubunun növbəti tədbiri
Bakı, 6 noyabr, AZƏRTAC
“Pəncərə” klubunun növbəti tədbiri gözəllik və sağlamlıq mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı Əməkdar Artist Nərgiz Cəlilova qonaqları salamlayaraq “Pəncərə” klubunun paytaxt Bakının mədəni həyatında böyük əks-səda yaratdığını söyləyib. Bildirib ki, may ayından fəaliyyət göstərən “Pəncərə” klubunun həyata keçirdiyi layihələr qısa müddət ərzində geniş auditoriyanın marağına səbəb olub.
“Pəncərə” klubunun həmtəsisçisi, yazıçı-publisist Günel Anarqızı gecənin məramından danışaraq bugünkü tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Vurğulayıb ki, mədəniyyəti formalaşdıran və gözəllik yaradan amillərdən birincisi sağlamlıqdır.
Gecədə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez sağlamlıq və gözəlliklə bağlı fikirlərini bölüşüb. Bildirib ki, ölkəsində yaş fərqindən asılı olmayaraq bütün insanlar bu iki amilə diqqət yetirirlər və hər zaman sağlam qalmaq üçün müxtəlif üsullardan istifadə edirlər.
Tədbirdə çıxış edən “Antieyç və Estetik” Tibb Mərkəzinin rəhbəri Faizə Əliyeva sağlamlıq haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, düzgün qidalanma sağlamlıqla yanaşı, gözəlliyi qoruyan amillərdəndir.
Gecədə iştirakçılar arasında gözəl və sağlam həyat tərzi ilə bağlı diskussiya aparılıb. Memarlıq üzrə elmlər doktoru Elçin Əliyev, rəssam Rəşad Mehdiyev, astroloq Aynur Bağırova və başqaları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin “Kaftan” moda evinin geyimləri təqdim edilib.
Tədbirdə Əməkdar artistlər Mehriban Zəki, Sevda Ələkbərzadə və Aqşin Abdullayevin ifaları maraqla qarşılanıb.