CƏMİYYƏT
Pensiya və müavinət alanlar arasında Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib
Bakı, 18 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və gücləndirilməsi istiqamətində xidmətlərini diqqətə çatdırıb. Nazir müavini Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan genişmiqyaslı sosial islahatların nailiyyətlərini qeyd edib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ümumrespublika Şahmat Turnirinin əhəmiyyəti vurğulanıb, həvəskar şahmatçıların bu kütləvi tədbirə böyük maraqla qoşulduğu, yarışda DSMF-nin 1500-ə yaxın benefisiarının iştirak etdiyi bildirilib.
Final mərhələsində birinci yeri İlqar Şiriyev, ikinci yeri Yaşar Məmmədov, üçüncü yeri isə Eldar Məmmədov qazanıb. Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Turnirin ən yaşlı qadın iştirakçısı 72 yaşlı Zərifə Dürüstkari və ən yaşlı kişi iştirakçısı 91 yaşlı Bəbir Hüseynov təşəkkürnamə ilə təltif olunublar.