“PepsiCo” şirkəti çayın plastiklə çirkləndirilməsinə görə məhkəməyə verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Nyu-York ştatı Buffalo çayının istehsalat prosesləri nəticəsində plastiklə çirkləndirilməsi və bununla da vəhşi təbiətə zərər vurmasına görə “PepsiCo” şirkətini məhkəməyə verib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, iddiaya görə “PepsiCo” problemin ən böyük günahkarıdır.
“PepsiCo” qeyd edir ki, şirkət “plastikdən istifadəni azaltmaq səylərində şəffafdır”.
Ötən həftə “Coca-Cola”, “Danone” və “Nestle” plastik butulkaları ilə bağlı aldadıcı iddialar irəli sürməkdə günahlandırılıblar.
“PepsiCo” şirkəti dünyada ikinci ən böyük qida şirkətidir, bir çox digər böyük korporasiyalar ətraf mühitə təsiri ilə bağlı yerli hakimiyyət orqanları tərəfindən irəli sürülən məhkəmə iddiaları ilə üzləşiblər. Şirkətlər “yaşıl yuyulmada” ittiham olunurlar, onlar əslində olduğundan daha ekoloji cəhətdən təmiz və ya davamlı təklifləri təqdim edirlər. Bu, həmin məhsulları seçərək planetə kömək etməyə ümid edən istehlakçıları çaşdıra bilər.
“Buffalo çayı boyunca 13 obyektdə yığılmış bütün növ tullantıların araşdırılması zamanı müəyyən edilib ki, müəyyən brend altında toplanmış 1916 ədəd plastik tullantının 17 faizindən çoxu “PepsiCo” şirkətinin istehsalı olub”, - deyə ştatın baş prokurorluğunun məlumatında deyilir. Qalan tullantılar “McDonald's” və konfet istehsalçısı “Hershey's” kimi brendlərə aid olub.
İddiada bildirilib ki, Buffalo şəhərinin su təchizatı sistemində mikroplastik aşkar edilib ki, o, “sağlamlıq üçün reproduktiv disfunksiyadan bağırsaq iltihabına və neyrotoksik təsirlərə qədər geniş spektrli mənfi nəticələrə səbəb ola bilər”.