ŞƏRH
Pərvin Kərimzadə: Üçrəngli Bayrağımız əzəmətlə müstəqil ölkəmizin mavi səmasında dalğalanır
Bakı, 9 noyabr, AZƏRTAC
Tariximizin ən şanlı səhifəsi Böyük Zəfərimizin dördüncü ildönümünü qürurla, fəxrlə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü 44 günə 200 illik münaqişəyə, 30 illik işğala son qoydu, "böyük Ermənistan" xülyasının üstündən birdəfəlik xətt çəkdi. Üçrəngli Bayrağımız o gündən, mənfur düşmənin haqq, ədalət savaşında məğlub olduğu, illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azad olduğu gündən daha da əzəmətlə müstəqil ölkəmizin mavi səmasında dalğalandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. O qeyd edib ki, planetin söz sahibi olan dövlətlərinin bayraqları ilə bir sırada dalğalan Azərbaycan Bayrağı bu gün müzəffər Ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, şəhərində göylərə yüksələrək, bütün dünyaya müstəqil dövlətimizin varlığını, gücünü, qüdrətini nümayiş etdirir.
Pərvin Kərimzadə qeyd edib ki, üçrəngli Bayrağımız işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk Qələbə müjdəçisi, milli kimliyimizin ən böyük tərənnümçüsü oldu. Düşmənə göz dağına çevrilən Lələtəpədə qədəmləri sayalı olan bayraqlarımız durna qatarı kimi sıralanaraq 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımıza sarı qanadlandı. Sentyabr ayının 27-dən başlayaraq üçrəngli Bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq dediyi sözlər artıq reallığa çevrilib.
“Özünütəsdiq simvolu sayılan bayrağımız qalibiyyət rəmzi kimi Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Hadrutda, Xudafərin körpüsünün üstündə, respublikamızın İran İslam Respublikası ilə həmsərhəd zastavalarında qürurla dalğalandırıldı. “Şuşasız bizim işimiz yarımçıq qalar”, - deyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə sadiq qaldı, Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərində - Şuşada üçrəngli Bayrağımızı dalğalandırdı, həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi.
“Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağımız vüqarla, əzəmətlə müstəqil, suveren Azərbaycan dövlətinin torpaqlarında dalğalanır”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.