İQTİSADİYYAT
Peşə Liseyinin şagirdləri güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçiblər
Bakı, 4 iyun, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq edir. Bununla əlaqədar Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi ilə bağlı layihə uğurla başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a MİDA-nın mətbuat xidmətindən açıqlama verilib.
Əsas məqsəd peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksəkixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir.
Qeyd edilən dövrdə liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçib. 8 nömrəli Bakı Peşə Liseyi ilə bu layihənin uğurla reallaşdırıldığını nəzərə alaraq, bu ildən daha bir təhsil müəssisəsinin şagirdləri üçün təcrübəkeçmə proqramı təşkil edilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə qurulan əməkdaşlıq nəticəsində 2017-2018-ci tədris ilində bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 28 şagirdinin təcrübə keçməsinə şərait yaradılıb.
Şagirdlərin təcrübəkeçmə işinə agentliyin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksəkixtisaslı mütəxəssisləri rəhbərlik ediblər. Bu müddət ərzində gənclər iş prosesi ilə tanış olub, ixtisasları üzrə praktiki biliklərə yiyələnib, öz peşə bacarıqlarını inkişaf etdirmək və onları real iş şəraitində tətbiq etmək imkanına sahib olublar. Bununla yanaşı, təcrübə rəhbərləri tərəfindən şagirdlərə ixtisasları ilə bağlı praktiki tapşırıqlar verilərək, onların icrasına nəzarət edilib.
Gələcəkdə agentlik tərəfindən reallaşdırılan layihələrinin sayı artdıqca ali təhsil müəssisələrinin tələbələri üçün də təcrübəkeçmə imkanlarının yaradılması planlaşdırılır.
Həmçinin bildirilib ki, ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin agentlikdə və onun tikinti ərazilərində istehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir.