Peşə təhsili üzrə keçirilən müsahibələrdə uğur qazanan tələbələrin sənəd qəbulu başlayır
Bakı, 13 avqust, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən keçirilən müsahibələrdə uğur qazanan tələbələrin bu gündən sənəd qəbulu başlayır.
Peşə təhsil mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu avqustun 20-dək davam edəcək. Namizədlər qeyd olunan sənədləri müəssisəyə təqdim etməlidir:
-təhsil haqqında sənədin (Attestat) əsli;
-tibbi arayış haqqında sənədin əsli;
-şəxsiyyət vəsiqəsinin surəti;
-3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
-hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər).
İyulun 6-dan 31-dək keçirilmiş müsahibələrdə uğur qazana bilməyən namizədlər isə peşə təhsili müəssisələrinə mərkəzləşmiş tələbə qəbulu sistemindən (www.qebul.vet.edu.az) qeydiyyatdan keçərək istədikləri ixtisas üzrə yenidən müraciət edə bilərlər.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür.
Xatırladaq ki, avqustun 10-dan etibarən peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada (http://qebul.vet.edu.az/) səhifəsindən qeydiyyatdan keçməklə aparılacaq. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.