“Petkim”in baş direktoru: Türkiyə neft-kimya sahəsində üstünlüklərə malikdir
Ankara, 13 avqust, AZƏRTAC
Neft-kimya sektorunda əhəmiyyətli transformasiyalar baş verir. Türkiyə bu sahədə əhəmiyyətli üstünlüklərə malik ölkələrdən biridir.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Petkim” Neft-Kimya Holdinq AŞ-nin (SOCAR Türkiyənin bir hissəsi) baş direktoru Kənan Mirzəyev bildirib.
Baş direktor Türkiyənin sənaye təcrübəsini, ixtisaslı işçi qüvvəsini və güclü daxili bazar dinamikasını vurğulayıb ki, bunlar investisiya və inkişaf etmiş istehsal infrastrukturu ilə birlikdə qardaş ölkə üçün qarşıdakı dövrdə əhəmiyyətli imkanlar yaradır.
O qeyd edib ki, dünya rəqabətin yalnız istehsal gücünə deyil, həm də təchizat təhlükəsizliyinə, səmərəliliyə və dəyişən bazar ehtiyaclarına tez uyğunlaşmaq qabiliyyətinə əsaslandığı yeni dövrə qədəm qoyub.
K. Mirzəyev vurğulayıb: “Strateji mövqeyi baxımdan Avropa, Yaxın Şərq və Asiyanın kəsişməsində yerləşən Türkiyə, həmçinin inkişaf etmiş sənaye infrastrukturu, durmadan böyüyən daxili bazarı ilə neft-kimya məhsullarının istehsalı və təchizatı üçün regional mərkəzə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir. Xüsusilə, neft-kimya məhsullarının idxalından yüksək asılılığını nəzərə alaraq, yerli istehsal potensialının gücləndirilməsi istiqamətində atılan hər bir addımın həm sənaye, həm də bütün Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb etdiyinə inanırıq”.