PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı tam dolub
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsinə 2026/2027-ci tədris ili üzrə ilk qəbul həyata keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, fakültə üzrə müəyyənləşdirilmiş qəbul planı tam həcmdə yerinə yetirilib.
Fakültənin kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul olunub. Onlardan 57-si 500-dən yüksək bal toplayıb. Qəbul olunanların 51-i 500–600 bal, 6-sı isə 600-dən yüksək nəticə göstərib.
Fəaliyyətinin ilk ilində qəbul planının 100 faiz yerinə yetirilməsi və tələbələrin yarıdan çoxunun 500-dən yüksək nəticə göstərməsi yeni fakültəyə marağın yüksək olduğunu göstərir.
PKTU-BMU Mühəndislik fakültəsində təhsil ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında təşkil ediləcək. Tələbələr ilk üç il təhsillərini BMU-da, sonuncu ili isə PKTU-da davam etdirəcəklər. Proqramı uğurla başa vuran məzunlara hər iki universitetin diplomu veriləcək.
Tədris prosesinə BMU və PKTU-nun professor-müəllim heyəti cəlb olunacaq. Tələbələr hər iki ali təhsil müəssisəsinin akademik və elmi imkanlarından, müasir tədris metodlarından və beynəlxalq təcrübəsindən faydalanacaqlar.
Yeni fakültənin fəaliyyətə başlaması BMU-nun beynəlxalq akademik tərəfdaşlıqlarının genişləndirilməsi, müasir mühəndislik istiqamətləri üzrə kadr hazırlığının gücləndirilməsi və tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyası baxımından əhəmiyyət daşıyır.