POLİS AKADEMİYASINA QƏBULLA ƏLAQƏDAR ƏRİZƏ VERMİŞ ABİTURİYENTLƏR MAYIN 31-DƏK ƏRİZƏLƏRİNİ TƏSDİQ ETDİRMƏLİDİRLƏR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbulla əlaqədar bu il martın 1-dən 31-dək DİN-ə ərizə ilə müraciət etmiş və müvafiq sənədləşmə prosesini keçmiş abituriyentlər TQDK tərəfindən ərizə qəbulunda müəyyən olunmuş qaydalara uyğun olaraq əvvəlcə TQDK-nın “Ödəmə kartı”nı əldə edib, www.tqdk.gov.az|ali2008 internet saytının müvafiq səhifəsinə daxil olaraq “Abituriyentin elektron ərizəsi” formasını doldurmalıdırlar. Sonra mayın 31-dək tələb olunan sənədləri Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 3-də yerləşən Polis Akademiyasının sənəd qəbulu komissiyasına (SQK) təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Ətraflı məlumatı Polis Akademiyasının SQK-dan (tel. 454-34-57, 454-12-78) almaq olar.
“Abituriyentin elektron ərizəsi” yalnız SQK tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malikdir. Ərizəsi təsdiqlənməyən abituriyentlər, həmçinin ərizələri təsdiq olunmasına baxmayaraq Daxili İşlər Nazirliyinin xüsusi həkim, fiziki hazırlıq və seçmə komissiyalarının qərarına əsasən Polis Akademiyasında təhsilə yararsız hesab olunan abituriyentlər ərizələrində həmin akademiyanın ixtisaslarını göstərə bilməzlər.
Fiziki hazırlıq üzrə məqbullarda iştirak etmək üçün abituriyentlər mayın 5-də saat 8:30-da, şəxsiyyət vəsiqəsi və idman kostyumu ilə Bakı şəhəri Əzizbəyov rayonunun Qala qəsəbəsində yerləşən Daxili Qoşunların Qala Tədris Mərkəzində olmalıdırlar.
Nazirliyin seçmə komissiyası isə mayın 19-da saat 9:00-da DİN-in Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 7-də yerləşən inzibati binasında olacaqdır.
Abituriyentlər seçmə komissiyasına rəsmi geyimdə (kostyumda), öz arzusu ilə valideynlərindən biri ilə şəxsiyyət vəsiqələrini təqdim etməklə gələ bilərlər.