Polis əməkdaşları Goranboyda karantin rejimini pozan çayxanalar aşkarlayıblar
Bakı, 6 yanvar, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zamanı şəhər ərazisində gizli fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyektin sahibi Əli Əşrəfov və müştərilər Tapdıq Zeynalov, Azər İsmayılov, Ramin Xıdırov, Cabir Verdiyev, Faiq İsgəndərov və Ceyhun Kərimov saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimələnib.
Davam etdirilən tədbirlər zamanı rayonun Şəfəq kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal çayxana sahibləri - Qarqucaq kənd sakinləri Vahid Paşayev və Əsəd Səfiyev ilə birlikdə orada olan müştəriləri rayon polis şöbəsinə gətiriblər. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən 200 manat məbləğində cərimə edilib.