Polis əməkdaşları Yevlaxda 20-yə yaxın ailəyə ərzaq bağlamaları verib
Yevlax, 16 aprel, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi yardım tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları növbəti dəfə Yevlax rayonunun müxtəlif ərazilərində yaşayan, ümumilikdə, 20-yə yaxın ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda, polis əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.