Polisin İsmayıllıda keçirdiyi əməliyyat zamanı meşədə narkotik plantasiyası salan şəxslər yaxalanıblar
Bakı, 24 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Zaur Qazıyev və İsmayıllı sakini Elman İsmayılov saxlanılıblar. Saxlanılan şəxslərin rayonun Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirdikləri 2457 ədəd çətənə kolu və 6 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri may ayında satmaq məqsədilə becərdikləri məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.