Politoloq: Moskva Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin nümayişidir
Bakı, 1 mart, AZƏRTAC
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində böyük hörmətə və nüfuza malik ölkədir. Azərbaycan müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələrinə malikdir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ölkəmizin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bu sənəd dövlətimizin maraqlarına tam cavab verir və iki ölkənin strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq Səhər İsmayılova söyləyib.
Dövlətimizin başçısının Rusiyaya rəsmi səfərinin son illər Azərbaycanın xarici siyasətində ən önəmli hadisələrdən biri olduğunu söyləyən politoloq bildirib ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində Moskva Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin nümayişidir və iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək.
Səhər İsmayılova deyib: “Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Bu baxımdan Türkiyə və Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi önəm daşıyır. Eyni zamanda, Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir. Təbii ki, Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbədən sonra regionda formalaşmaqda olan yeni əməkdaşlıq formatında da bu ölkələr arasındakı münasibətlər böyük önəm daşıyır. Xüsusən Azərbaycan, Türkiyə və Rusiya bölgədə formalaşmaqda olan yeni regional nizamın əsas oyunçuları kimi qəbul edilirlər. Bu baxımdan həm Şuşa, həm də Moskva bəyannamələri mühüm önəm daşıyır. Digər tərəfdən hər iki bəyannamə qazandığımız hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsinə, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsinə xidmət edir”.
Moskva Bəyannaməsinin önəminə toxunun politoloq diqqətə çatdırıb ki, bu sənədə əsasən hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bu, sənədin ana qayəsini təşkil edir.
“Təbii ki, qonşularla yanaşı, digər xarici ölkələrlə, beynəlxalq təşkilatlarla müstəqil, milli maraqlara əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə şərait yaradıb”, - deyə Səhər İsmayılova vurğulayıb.